skip to Main Content
MedEra Hospital
Əcəmi Naxçıvani küçəsi 53
Sosial şəbəkələr:

Karpal tunel sindromu nədir, əlamətləri və müalicəsi

Karpal Tunel Sindromu Nədir, əlamətləri Və Müalicəsi

Karpal tunel sindromu nədir?

Karpal tunel sindromu ən çox rast gəlinən tunel neyropatiyası olub, median sinir dediyimiz, əli innervasiya edən sinirin bilək kanalında sıxılmasından qaynaqlanan sindromdur.

Karpal tunel sindromunun yaranma səbəbləri

Karpal tunel sindromu qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və xüsusən dominant əldə, əl işi görən insanlarda çox müşahidə olunur. Köklük, hamiləlik, polineyropatiya, şəkərli diabet, amiloidoz, akromeqaliya, revmatoidli artrit, hipotireoz və s. kimi hallar karpal tunel sindromuna səbəb ola bilər.

Karpal tunel sindromunun kliniki simptomları

Əldə olan uyuşuqluq, keyimə şəklində paresteziya və ağrı hissi ilkin şikayətlərdəndir. Uyuşuqluq adətən ilk üç barmaqda hiss edilir, lakin bütün əldə də ola bilər. Parasteziya və ağrı adətən təkrari əl hərəkətlərində artar. Xəstələr tipik olaraq gecə yarısı qeyd olunan simptomlarla yuxudan oyanar (noktural paresteziyalar). Əl ağrısı servikal radikulopatiyanı təlqin edəcək şəkildə daha proksimala, said, bazu və çiyinə qədər yayıla bilər.

Diaqnostikası

Karpal tunel sindromu kliniki dəyərləndirildikdən sonra elektroneyromioqrafiya müayinəsi vasitəsilə diaqnozu qoyulur (Elektroneyromioqrafiya müayinəsi nədir? Bax: Sual-cavab) və xəstəliyin ağırlıq dərəcəsi qiymətləndirilir. Ən çox qarışıq salınan servikal disk yırtıqları ilə differensial diaqnostikası da elektroneyromioqrafiya müayinəsi vasitəsilə aparılır.

Karpal tunel sindromunun müalicəsi

Müalicə sinir sıxılmasının ağırlıq dərəcəsinə əsasən təyin olunur. Düzgün müalicə istiqamətinin seçilməsində bizə elektroneyromioqrafiya müayinəsi də böyük kömək edir. Çox xəfif sinir sıxılmasında biləyə rahat pozisiya verilməsi və biləklik kifayət edə bilər. Orta dərəcə sinir sıxılmaların əsasən konservativ müalicəyə tabe olduqları halda, ağır
dərəcədə olan sinir sıxılmalarına cərrahi dekompressiya məsləhətdir.

Back To Top