
Pasiyentlərin ən çox verdiyi suallar və onların cavabları. Cavabını tapmadığınız sual varsa, bizə yazın.
Baş gicəllənmə beyin qan dövranının pozulması nəticəsində yaranırmı?
Başgicəllənmə beyin və beyindən kənar səbəblərdən yarana bilər. Beyin qan dövranı pozğunluğu da baş gicəllənməsi yarada bilir. Lakin 85% hallarda baş gicəllənmə beyindən kənar səbəblərdən yaranır ki, buna «xoşxassəli pozisyonal vertiqo» deyilir. Səbəbi daxili qulaqda müvazinət kristallarının yerindən oynamasıdır. Bu isə düzgün diaqnoz qoyulduqda rahatlıqla aradan qalxan problemdir.
Əllərdə olan uyuşma və keyləşmə hansı fəsadlara səbəb ola bilər?
Əllərdə olan uyuşma ən çox «median» sinir adlandırılan sinirin bilək kanalında sıxılması nəticəsində yaranır. Əgər diaqnoz vaxtında qoyulub müalicə olunmazsa, əldə zəiflik, arıqlama, gücsüzlük və tutma qabiliyyətinin itməsinə, yəni parezə səbəb ola bilər.
Miqrenin müalicəsi varmı?
Miqren sağalan xəstəlikdir, lakin müalicəsi qısamüddətli deyil. İlk müalicə kursunda ağrıların sayı 50% azalırsa, bu uğurlu nəticədir. Müalicənin məqsədi ağrıların sayını minimuma endirmək və kəsməkdir. Düzgün sxem üzrə müalicə aparılarsa, buna nail olmaq mümkündür.
Uşaqlarda olan sidik qaçırma öz-özünə keçir, yoxsa mütləq müalicə olunmalıdır?
4 yaşdan yuxarı olan sidik qaçırma patoloji hesab olunur və enurez adlandırılır. Bəzən müalicəsiz keçə bilər, lakin çox hallarda müalicə olunmadıqda qalıcı olur və sonrakı müalicə çətinləşir.
Elektroneyromioqrafiya müayinəsi nədir və digər müayinələrdən hansı üstünlükləri var?
ENMQ müayinəsi sinir və əzələlərin elektrik aktivliyini təyin etməklə sinirlərdə və əzələlərdə yaranmış zədələri, keçici və qalıcı xəstəlikləri müəyyənləşdirir, diaqnoz qoyur və gedişat haqqında proqnoz verir. Bəzi xəstəliklərdə konservativ, yoxsa cərrahi müalicənin daha effektiv olacağı barədə məlumat verir.
Nevroloqa hansı şikayətlərlə müraciət etmək lazımdır?
Ən çox rast gəlinən səbəb sinir ağrılarıdır — bel, boyun, ayaqlarda, çiyindən qola doğru yayılan, bəzən üzdə hiss olunan ağrılar. Bunlardan başqa miqren, başgicəllənmə, yuxusuzluq, panik atak, epilepsiya və depressiya da nevroloqun sahəsidir. Təəssüf ki, pasiyentlərin çoxu ağrı güclənməyincə müraciət etmir; ona görə həkimə gələndə xəstəlik artıq xeyli ağırlaşmış olur. Şikayət təzə başlayanda müraciət etmək müalicəni həm qısaldır, həm asanlaşdırır.
Boyun disk yırtığı niyə bel yırtığından daha təhlükəli sayılır?
Çünki ayaqlara gedən sinirlər də boyun nahiyyəsindən keçir. Ağır dərəcəli boyun yırtıqlarında prosesə təkcə qollar yox, ayaqlar da cəlb olunur — yerişin pozulması, gücsüzlük, hətta sidik-ifrazat funksiyasının pozulması yarana bilər. İlk əlamət adətən boyun ağrısıdır, sonra ağrı kürəyə və qolun yuxarı hissəsinə yayılır, uyuşma və keyimə əlavə olunur. Diaqnoz MRT və ENMQ müayinəsi ilə qoyulur.
EEQ müayinəsinin zərəri varmı, uşaqlara və hamilələrə edilə bilərmi?
EEQ müayinəsinə heç bir əks göstəriş yoxdur. Hamilələrə, süd verən analara və körpə uşaqlara rahatlıqla təyin edilə bilər. Müayinə zamanı saçlı dəri üzərinə xüsusi metal elektrodlar yerləşdirilir və təqribən 30 dəqiqə ərzində beynin bioelektrik aktivliyi qeydə alınır — heç bir ağrı və ya şüalanma yoxdur.
Gecələr ayaqlarımı bir yerdə saxlaya bilmirəm, uyuşma və qıcıqlanma olur. Bu nədir?
Bu şikayət «narahat ayaqlar sindromu»na xasdır — yuxu ilə əlaqədar yaranan hərəkət pozğunluğudur. Hər 100 nəfərdən 3-4-ündə rast gəlinir, qadın və kişilərdə eyni dərəcədə. Müalicə olunmadıqda yuxu rejimini pozur, yuxusuzluğa və zamanla depressiyaya gətirib çıxarır. Arxasında dəmir və vitamin çatışmazlığı, ayaqlarda qan dövranının pozulması, əzələ və ya böyrək xəstəliyi dura bilər — ona görə əvvəlcə səbəb araşdırılmalıdır.
Uşağımda göz qırpma, çiyin qaldırma kimi təkrarlanan hərəkətlər var. Bu keçib gedirmi?
Bunlar tiklərdir — insanın özündən asılı olmayaraq nizamsız təkrarlanan hərəkət və ya səslərdir. Hər yaşda görünə bilər, lakin əksəriyyəti uşaq yaşlarında başlayır. Yaranmasında travma, nevroloji nizamsızlıq, psixoloji narahatlıq və ətraf mühit faktorları rol oynayır. Doğru müalicə ilə sadə tiklərdən rahatlıqla azad olmaq mümkündür; uzunmüddətli tiklərdə isə məqsəd onları uşağın gündəlik həyatına mane olmayacaq həddə yüngülləşdirməkdir.
Şikayətinizi növbəyə qoymayın
Qəbula yazılmaq üçün bizə zəng edin və ya formanı doldurun.